Kazanda keçirilən XXVII Yay Universiadasında bu gün – iyulun 9-da Azərbaycan idmançıları qızıl medal qazanıblar. İdman.com.az saytı xəbər verir ki, ağırlıqqaldırma yarışlarında Firudin Quliyev 69 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub.
İdmançımız birdən qaldırmada 142 kq, təkanla qaldırmada 181 kq ağırlığı ram edərək, 323 kq nəticə ilə universiadanın qalibi olub.
Qeyd edək ki, Firudin təkanla qaldırmada universiadanın rekordunu da yeniləyib.
Bu çəki dərəcəsində gümüş və bürünc medalları müvafiq olaraq, İran idmançısı Cabir Bəhruzi (147 kq + 174 kq = 322 kq) və fransalı Matam Kinqu (140 kq + 175 kq = 315 kq) qazanıblar.
69 kq çəkidə yarışan digər idmançımız Yuri Dudoqlo ümumi 298 kq (133 kq + 165 kq) nəticə ilə 7-ci yeri tutub.
Mükafatlandırma mərasimindən dərhal sonra Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinə müsahibə verən Firudin bunları deyib:
- Düzü mən qızıl medal qazanacağıma inanmırdım. Əlbəttə bura medal qazanmaq arzusu ilə gəlmişdim. Lakin universiadanın qalibi olacağıma inanmırdım. Amma yarış vaxtı hiss etdim ki, rəqiblərimdən daha ağırını qaldıra bilirəm və uğur qazanacağam. Dövlətimə, məşqçilərimə, federasiyamıza minnətdaram ki, bir idmançı kimi hazırlanmağıma hər bir şərait yaradılıb.
Yığma komandamızın baş məşqçisi Zlatan Vanev isə bunları deyib:
- Firudin bu qələbəyə layiq idmançıdır. Məşqlərdə ən intizamı və məsuliyyəti ilə seçilir. Nə deyə bilərəm? Dünən bir gümüş qazanmışdıq. Bu gün isə qızıl medala yüksəldik. Mən bu gün burada özümü universiadanın ən xoşbəxt məşqçisi hesab edirəm.
|